Azərbaycanda internet istifadəçiləri
Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlayıb. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılıb, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olub və 1997-ci ildə yaradılıb. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir.

2023-cü ilin əvvəlinə olan məlumata əsasən, ölkənin 88%-i internet istifadəcisidir. Yəni əhalinin hər 100 nəfərindən 88-i internetdən istifadə edir.
İnternetin sürəti
"Ookla" şirkətinin dünyada geniş tanınan "Speedtest Global İndex" metodologiyasına əsasən apardığı hesablamalara görə, Azərbaycanda

✔ sabit genişzolaqlı internetin orta sürəti 27,57 MB/S
✔ mobil internetin sürəti 32,06 MB/S-dir.

Azərbaycanda sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70 %-i şəbəkəyə ADSL texnologiyası ilə qoşulur. Fiber-optik kabel üzərindən qoşulma göstəricisi isə 19 %-dir. ADSL texnologiyasının isə saniyədə 10 MB yuxarı həddi var.

Fiber-optik şəbəkənin qurulması
Azərbaycanda fiber-optik şəbəkənin qurulmasına 2017-ci ildən başlanılıb. 2021-ci ilə qədər 225 min ev təsərrüfatı fiber-optik şəbəkə ilə əhatə olunub.

2021-ci ildən dövlət-özəl tərəfdaşlığı əsasında fiber-optik kabelin yenilənməsi mqəsədilə bir neçə telekommunikasiya operatoru, o cümlədən “Aztelekom”, “Baktelekom” və “Azeronline” MMC-lər səylərini birləşdirərək “Onlayn Azərbaycan” layihəsinə başlayıblar. Layihənin əsas operatoru isə “Aztelekom” şirkətidir. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması işləri görülür. Layihə çərçivəsində 3 il ərzində genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatlarının sayı 1 milyona çatdırılıb. 2021-ci ilin sonuna qədər Azərbaycanda 3 şirkət üzrə 436 min ev təsərrüfatının müasir GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası istifadə edilməklə internet şəbəkəsinə qoşulmasına imkan yaradılıb.

✔ 2023-cü ilin sonunadək Azərbaycanda mövcud ev təsərrüfatlarının 55%-i müasir GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əhatə olunacaq;
✔ 2024-ci ilin sonuna qədər ölkə ərazisindəki bütün ev təsərrüfatlarının internetlə təmin edilməsi və internetin minimum sürətinin 25 mbps-ə çatdırılması gözlənilir.